İSPANİYADA DOSTA VƏ AİLƏYƏ ZİYARƏT-İSPANİYA QONAQ VİZASI

Yeniləndi: 13 fevral 2025 5352 baxış 6 dəq. oxu

Avropanın ən böyük turizm ölkələrindən biri olan, paytaxt Madridi, Barselonası ilə dünyada tanınan, özünəməxsus mədəniyyəti və incəsənəti, şəhərlərinin və dünyaca məşhur tikililərinin memarlıq üslubu ilə hər il 60 milyondan çox turistə ev sahibliyi edən İspaniya! Əgər sizin İspaniyada yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz onu ziyarət etmək istəyirsinizsə, İspaniya Şengen vizasına müraciət edə bilərsiniz. Qonaq vizasına müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

İspaniya Viza Növləri

spanish flag

İspaniya Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün İspaniya Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz İspaniyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə İspaniya milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli ziyarətinizi reallaşdırmaq üçün siz İspaniya Şengen vizasının “qonaq vizası” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli qonaq vizası sizə İspaniyada daimi yaşamaq hüququ vermir, viza sizə qısamüddətli ziyarətinizi reallaşdırmağınız üçün verilir.

İspaniya Şengen Vizası

schengen visa

İspaniya Şengen vizası təkgirişli və çoxgirişli ola bilər. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. İspaniya Şengen vizasını almaq sizə səyahətiniz boyu bütün Şengen ölkələrinə qapı açır. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İspaniyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə İspaniya vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz İspaniya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox İspaniyada qalacağınızı göstərməlisiniz.

İspaniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

İspaniya Şengen qonaq vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Ziyarət edəcəyiniz şəxs tərəfindən sizə göndərilmiş dəvət məktubu (Ətraflı şəkildə aşağıda qeyd olunub)
  15. Sizi dəvət edən şəxsin İspaniyada yaşama hüququnu bildirən sənəd (oturum izni, milli vizası və s.)
  16. Əgər sizi dəvət edən şəxslə ailəvi bağınız varsa, bunu təsdiq edən sənəd (məsələn, övladınızdırsa, doğum haqqında şəhadətnaməsi, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.)
online booking

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

İspaniyadan sizə göndərilən dəvət məktubu mütləq şəkildə rəsmi olmalıdır. Rəsmi dəvət məktubunun standart formasında dəvət edən şəxsin adı, soyadı, yaşadığı ünvan, əlaqə vasitələri, dəvət olunan şəxsin detalları, qalacağı müddət və s. ətraflı şəkildə bildirilir. Səfirliyə müraciət zamanı dəvətin skan versiyasını çap edib təqdim edə bilərsiniz, ancaq siz İspaniyaya daxil olarkən sərhəd xidməti sizdən dəvət məktubunun orijinalını tələb edə bilər. Bu səbəblə də məsləhətdir ki, müraciət zamanı hazır olmasa belə, səfərinizədək dəvətin orijinalını əldə edəsiniz. Əgər siz dəvət edən şəxsin evində qalacağınızı göstərirsinizsə, bu halda səfirlik sizdən evlə bağlı əlavə sənədlər (evin icarə kontraktı, kommunal ödənişlərin sənədləri) də tələb edə bilər.

Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, İspaniya vizası üçün müraciət edilən Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən şəxs tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda həmin şəxsin maddi vəziyyətini təsdiq edən sənədlər (iş yerindən arayış, bank hesabından son 3-6 aylıq çıxarış və s.) təqdim olunmalıdır.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

calendar page

İspaniya Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. İspaniyanın ölkəmizdə konsulluğu fəaliyət göstərməməsi səbəbilə viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və İspaniyada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • İspaniyada mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən 3-5 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlama tarixinə uyğun planlaşdırır. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi də daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktordan asılı olmur, keysin mürəkkəbliyi də burada rol oynaya bilir.

Viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təhvil verərkən viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

İspaniya Şengen Vizası Alma Ehtimalı

embassy of spain

Hər bir ölkənin viza müraciətində olduğu kimi İspaniyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin İspaniya Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmizdə ilk Şengen vizasını Fransa səfirliyindən əldə etmiş şəxslərin kifayət qədər olmasına baxmayaraq, biz profili yüksək səviyyədə (yuxarıda sadalanan nüansların kifayət qədər yaxşı olduğu halda) olduğu hallar xaricində bir şəxs üçün ilk viza müraciəti zamanı Fransa səfirliyinin bir qədər riskli olduğunu qeyd edirik. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Fransa səfirliyindən İspaniya vizası alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir. Yenə də digər Qərbi Avropa və yüksək inkişaf etmiş Avropa ölkələrinə (Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.) nəzərən Fransa səfirliyi bəzi nüansların mövcudluğu halında ilk viza müraciəti üçün nisbətən daha yaxşı seçim ola bilər.

Qonaq vizası zamanı sizi dəvət edən şəxslə yaxın qohumluğunuzun olması və bunu təsdiq edən sənədləri səfirliyə təqdim etməyiniz, həmçinin özünüz və sizi dəvət edən şəxslə bağlı verdiyiniz sənədlərin düzgünlüyü və dolğunluğu sizin viza alma şansınıza müsbət təsir göstərir.

İspaniyaya Viza Dəstəyi

cibeles fountain

Biz Vizam.az şirkəti olaraq sizə İspaniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İspaniya Şengen qonaq vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN nömrələri təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 ilə əlaqə saxlaya bilərsiniz.

İspaniyada bitməyən əyləncələrə yol açın! Xoş səyahətlər!

Yeniləndi: 23.01.2025

Oxşar yazılar:

Amerikada Şirkət Açmaq Üçün Hansı Viza Növləri Uyğundur?

Amerikada Şirkət Açmaq Üçün Hansı Viza Növləri Uyğundur?

Amerika Birləşmiş Ştatları — dünyanın ən güclü iqtisadiyyatına malik ölkələrdən biri olmaqla yanaşı, həm də biznes imkanları, yüksək həyat səviyyəsi və müasir hüquq sistemi ilə minlərlə insanın arzusu olan bir məkandır. Həm fərdi məqsədlərlə səyahət etmək istəyənlər, həm də xaricdə biznes qurmaq, ABŞ-da şirkət açmaq niyyətində olanlar üçün Amerikaya viza almaq vacib və bəzən mürəkkəb […]

Vizam.az 16 may 2025
2025-ci ildə Çexiya Təhsil Vizası Necə Alınır?

2025-ci ildə Çexiya Təhsil Vizası Necə Alınır?

Son illərdə Azərbaycanlı tələbələr arasında Avropada təhsil almaq istəyi artmaqdadır. Bu istiqamətdə Çexiya həm münasib xərcləri, həm də keyfiyyətli təhsil imkanları ilə fərqlənir. Avropanın mərkəzində yerləşən bu ölkə tələbələrə həm akademik bilik, həm də beynəlxalq təcrübə qazandırmaq baxımından əlverişli seçimdir. Çexiyada ali təhsil almaq istəyənlər üçün bu bloqda əsas suallara cavab verəcəyik: niyə məhz Çexiya, […]

Vizam.az 16 may 2025
2025-ci ildə Macarıstan Şengen Vizası Necə Müraicət Edim?

2025-ci ildə Macarıstan Şengen Vizası Necə Müraicət Edim?

Macarıstan Avropanın mərkəzində yerləşən, zəngin tarixi, gözəl təbiəti və əlverişli turizm imkanları ilə seçilən bir ölkədir. Budapeştin termal hamamlarından tutmuş Balaton gölünün sahillərinə qədər hər kəs üçün maraqlı məkanlar təqdim edən Macarıstan, 2025-ci ildə səyahət planlayan azərbaycanlı turistlərin də diqqət mərkəzindədir. Avropa Birliyinə üzv olan bu ölkəyə səfər etmək üçün isə Şengen vizası tələb olunur. […]

Vizam.az 16 may 2025
2025-ci ildə Capago Viza Mərkəzi Necə İşləyir?

2025-ci ildə Capago Viza Mərkəzi Necə İşləyir?

Əziz səyahətsevərlər, əgər avropaya viza almağı düşünürsünüzsə, Capago Viza Mərkəzi adını mütləq eşitmisiniz. Bilməyənlər üçün isə izah edək – Capago, bəzi ölkələrin Azərbaycandakı rəsmi viza partnyorudur və müraciət prosesinizi daha sadə və rahat şəkildə idarə etməyə kömək edir. Biz sizə sadə dillə, real təcrübələrə əsaslanaraq Capago-nun necə işlədiyini, nələri bilməli olduğunuzu və bu prosesdə diqqətli […]

Vizam.az 14 may 2025
İspaniyaya Səyahət: İspaniya Turist Vizası

İspaniyaya Səyahət: İspaniya Turist Vizası

Əziz səyahətsevərlər, Avropada həm günəşin, həm mədəniyyətin, həm də ləzzətli yeməklərin bir arada olduğu nadir ölkələrdən biri varsa, o da şübhəsiz İspaniyadır. Əgər siz də həm dincəlmək, həm görmək, həm də yaşamaq istəyirsinizsə, İspaniya sizin üçün ideal seçim olacaq. Bu ölkə təkcə səyahət deyil – bir təcrübədir, hissdir, həyat tərzidir. İspaniya özündə çox şeyləri birləşdirir: […]

Vizam.az 14 may 2025
Şengen Vizası ilə Avstriyaya Səyahət: Avstriya Vizası

Şengen Vizası ilə Avstriyaya Səyahət: Avstriya Vizası

Əgər yaxın zamanda Avropaya səyahət planlayırsınızsa və hara gedəcəyinizə qərar verə bilmirsinizsə, sizə bir sirr verək – Avstriya tam da axtardığınız ölkə ola bilər. Təmiz və səliqəli küçələri, nağılvari şəhərləri, tarixi abidələri, dağ havası ilə dolu alp mənzərələri və zəngin musiqi irsi ilə Avstriya sizi ilk gündən valeh edəcək. Bura həm mədəniyyət sevərlərin, həm təbiət […]

Vizam.az 14 may 2025
Green Card Nədir? Necə müraciət edim?

Green Card Nədir? Necə müraciət edim?

ABŞ-a köçmək, orada işləmək və yaşamaq istəyi, dünyanın bir çox ölkəsində yaşayan insanlar üçün böyük bir arzuya çevrilir. Green Card (Permanent Resident Card) əldə etmək, ABŞ-da uzunmüddətli yaşamaq və işləmək üçün ən təsirli yollardan biridir. Green Card əldə etmək, ABŞ-da yeni bir həyat qurmaq və orada yaşamaq istəyənlər üçün çox önəmli bir addımdır. Bu prosesi […]

Vizam.az 13 may 2025
Nomad Vizası ilə Dubayda Yaşamaq

Nomad Vizası ilə Dubayda Yaşamaq

Rəqəmsal dövr həyat tərzini dəyişib. Artıq işinizi ofisə getmədən, dünyanın istənilən nöqtəsindən idarə edə bilərsiniz. Bu yeni həyat tərzini seçənlərə “rəqəmsal köçəri” (digital nomad) deyilir. Bu insanlar internet bağlantısı olan hər yerdə işləyib yaşaya bilirlər. Onlar üçün ən mühüm məsələlərdən biri vizadır – çünki bir ölkədə uzun müddət qalmaq üçün hüquqi əsas lazımdır. Rəqəmsal dünyada […]

Vizam.az 13 may 2025
2025-ci ildə VFS Global Viza Mərkəzi Necə İşləyir?

2025-ci ildə VFS Global Viza Mərkəzi Necə İşləyir?

Əgər Avropa ölkələrindən birinə səyahət planlaşdırırsınızsa və viza almaq lazımdırsa, yolunuz böyük ehtimalla VFS Global-dan keçəcək. VFS Global, viza müraciət prosesini sadələşdirmək və sürətləndirmək üçün dünyada lider xidmət təminatçılarından biridir. 2001-ci ildən bəri fəaliyyət göstərən şirkət, 2025-ci ildə viza müraciət edənlərin həyatını daha da asanlaşdırmaq üçün müasir texnologiyalar və innovativ xidmətlər təqdim edir. Hər il […]

Vizam.az 13 may 2025
Amerikada Təhsil Almaq Üçün Hansı Vizaya Ehtiyacınız Var? F1, M1, J1 Vizaları

Amerikada Təhsil Almaq Üçün Hansı Vizaya Ehtiyacınız Var? F1, M1, J1 Vizaları

Amerikada təhsil almaq minlərlə azərbaycanlı gəncin arzusudur. Dünyanın ən nüfuzlu universitetləri, inkişaf etmiş təhsil infrastrukturu və beynəlxalq tələbələr üçün təqdim olunan müxtəlif imkanlar ABŞ-ı təhsil üçün ideal bir istiqamətə çevirir. Ancaq bu yolda ilk və ən vacib addım doğru tələbə vizasının seçilməsidir. ABŞ hökuməti təhsil məqsədilə gələn xarici vətəndaşlar üçün bir neçə viza növü təqdim […]

Vizam.az 11 may 2025